Paşinyanın səfərini əslində Misir Prezidentinin ötən il Ermənistana etdiyi səfərə cavab məntiqi kontekstində nəzərdən keçirmək mümkündür. Misir Prezidenti Sisi 2023-cü ilin yanvarında Ermənistana səfər edib və bu, bir Misir Prezidentinin müstəqillik əldə etdikdən sonra Ermənistana ilk səfəri olması baxımından tarixi idi. Təbii ki, Sisi regional səfər etmişdi, Bakıda da olmuşdu.
O, Qafqaza gəlməzdən əvvəl Hindistanın Milli Günündə fəxri qonaq idi. Misir Prezidenti İrəvanda olarkən ikitərəfli gündəliyə dair bəyanatlardan əlavə, iki mühüm məsələdən də danışmışdı. Əvvəlcə o, tərəflər istəsə, Ermənistan-Azərbaycan nizamlanması prosesinə faydalı olmağa hazır olduğunu bildirdi və əlavə olaraq, Mərkəzi Asiya regionundan Aralıq dənizi zonasına gedən nəqliyyat marşrutlarının əhəmiyyətindən danışdı.
Bu mənada Misir, şübhəsiz ki, bir sıra regional istiqamətlərdə - Afrika, Ərəb Liqası, Yaxın Şərq zonası və Aralıq dənizi regionunda əsas aktor olması mənasında çoxtərəfli potensialını reallaşdırmağa çalışır. Bu çərçivədə, iki hal diqqəti cəlb edir.
Birincisi, Paşinyan Yunanıstana etdiyi səfərdən sonra və praktiki olaraq Yunanıstanın müdafiə nazirinin Ermənistana səfər etdiyi, Paşinyanla da görüşdüyü zaman Misirə səfər edir. Yunanıstan Misirlə əlaqələrə böyük əhəmiyyət verir, Qahirəni Cənub Dəhlizinin məntiqi çərçivəsində istər nəqliyyat kommunikasiyaları, istərsə də enerji layihələri baxımından əsas tərəfdaş hesab edir. Yunanıstan-Kipr-Misir üçtərəfli əməkdaşlığı formalaşdırılıb. Bu əməkdaşlıq çərçivəsində tərəflər bir neçə sammit keçirib.
2022-ci ildə üç ölkənin müdafiə nazirləri Şərqi-Aralıq dənizi zonasında təhlükəsizliyin artırılmasına yönəlmiş səylərin əlaqələndirilməsini elan edən birgə bəyannamə imzalayıblar. Bu üçtərəfli əməkdaşlıq Ermənistan, Yunanıstan və Kiprin 2019-cu ildən formalaşdırdığı üçtərəfli format fonunda da diqqətdən keçirilməlidir. Eyni zamanda, Yunanıstanın müdafiə naziri İrəvanda elan edib ki, Fransa-Yunanıstan-Ermənistan-Hindistan dördtərəfli formatı mümkünsüz deyil. Ötən il Misir Prezidenti Sisinin Hindistandan Qafqaza səfər etməsi faktını nəzərə alsaq, burada ortaq gündəmlərin olduğunu təsəvvür etmək olar.
Digər tərəfdən, Türkiyənin Misirlə münasibətləri normallaşdırmağa çalışdığını qeyd etmək yerinə düşər. Hər halda Ərdoğan bir neçə həftə əvvəl Qahirəyə səfər edib. Buna paralel olaraq Ərdoğan bundan əvvəl Afinada da olub. Yeri gəlmişkən, Yunanıstanın müdafiə naziri Ermənistanda bəyan edib ki, o, “Yunanıstan-Türkiyə münasibətlərindəki son hadisələr” barədə İrəvanı məlumatlandıracaq. Bu məlumatlar Paşinyanın Qahirəyə səfərinin gündəmində hansı yeri tutub? Qeyd edək ki, Misir hazırda ölkə sərhədinə yaxınlaşan Yaxın Şərq müharibəsi problemi ilə üz-üzədir.
İsrail Qəzza-Misir sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyatlara başlamaq niyyətini açıqlayıb. Misir bu perspektivdən narazıdır. İsrail hərbi əməliyyatlara başlayarsa, Qahirə ilə Təl-Əviv arasında münasibətlərin gərginləşməsi mümkündür ki, bu da Yaxın Şərq regionunda gedən müharibəyə yeni gərginlik dalğası gətirəcək. Bu zonadakı vəziyyət isə Qafqazın təhlükəsizliyinə birbaşa təsir göstərir.
Aqil Məmmədov
Ordu.az